Bu halda bütün Ermənistan fərariyə çevriləcək - Pərviz Səmədov

10:52 30.09.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, siyasi fənlər üzrə fəlsəfə doktoru Pərviz Səmədov hafta.az-a ilk müsahibəsində Ermənistanla yekun sülh sazişinin imzalanması, Qərbi Azərbaycana qayıdış məsələsi, Rusiya-Ukrayna savaşı ilə bağlı geopolitik gedişatlarla bağlı fikirlərini bölüşüb. Müsahibimiz, həmçinin Azərbaycanın təhsil sistemindəki mövcud vəziyyət, islahatların, müəllimlərə sosial sahədə qayğı və güzəştlərin vacibliyi, eləcə də yeniyetmə və gənclərimizə valideyn və müəllim müqəddəsliyinin anladılması zərurətindən bəhs edib.

Qısa tanıtım:

Pərviz Səmədov 1975-ci ildə İrəvan xanlığının Göyçə mahalının Basarkeçər rayonunda (indiki Ermənistanın Vardenis rayonunda) anadan olub.

1981-ci ildə həmin rayonun Zərkənd orta məktəbində təhsilə başlasa da, erməni sürgünü nəticəsində təhsilini başa vura bilməyib və orta təhsilini Bakıda uğurla başa vurub.

1992-ci ildə YÖS imtahanı ilə İstanbul Universitetinin Hüquq fakültəsinə və Hacəttəpə Universitetinin sosiologiya bölümünə daxil olub. 1992-1993-cü illərdə Ankara Universitetində TÖMER təhsili alaraq 1997-ci ildə Hacəttəpə Universitetini “Sosioloq” ixtisası üzrə bitirib.

2002–2006-cı illərdə Ankara Dövlət Universiteti Siyasət Bilimi Beynəlxalq Əlaqələr Fakültəsinin doktorluq dərs proqramını müvəffəqiyyətlə qurtarıb və “Qarabağ müharibəsi və erməni terroru” mövzusunda müdafiə edib.
2016-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Müdafiə Şurası tərəfindən siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyası qəbul edilib.
Siyasi fənlər üzrə fəlsəfə doktorudur.

Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNES)Beynəlxalq iqtisadiyyat kafedrasının dosentidir.

- Ermənistanda gələn il keçiriləcək parlament seçkiləri ilə yanaşı, ölkə konstitusiyasına məlum dəyişikliklər barədə referendumun olması üçün Ermənistanla yekun sülh sazişinin tez imzalanmasının mümkünlüyü haqqında fikirlər səslənir. Hakan Fidan deyir ki, saziş 2026-cı ilin birinci yarısında imzalana bilər. Ermənistanın vitse-spikeri Ruben Rubinyan isə xeyli irəli gedərək sazişin ya bu ilin dekabrında, hətta sentyabrda imzalanacağını bildirir. Sizcə, belə proqnozlar hansı arqumentlərə əsaslanır?

- Ermənistandakı referendum və seçkilər bölgədə sülh və əmin-amanlığın bərqərar olması, inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Ermənistan parlamentinin spikeri Alen Simonyan seçkilərin 2026-cı ilin iyun ayında baş tutacağını açıqlamışdı. Vitse-spiker Ruben Rubinyan isə seçkilərin bu ilin dekabrında, hətta sentyabrda keçiriləcəyini açıqlayır. Əgər Ermənistan xarici siyasət strategiyasında revizyonist (ərazisini, digər ölkələrin suveren ərazisi hesabına genişləndirmə) siyasətindən uzaqlaşıb 11-ci maddədə Türkiyə və Azərbaycana qarşı ərazi iddiasından əl çəkməkdə qərarlıdırsa, o zaman Ermənistanla yekun sülh sazişinin tez imzalanmasının mümkünlüyü barədə danışmaq olar. Hörmətli Hakan Fidanın açıqlamalarında söylədiyi –Ermənistandakı referendumla seçkinin eyni vaxtda keçirilməsi mümkün ola bilər. Əgər Ermənistandakı radikal qüvvələr ciddi bir şəkildə baş qaldırarsa, bu gedişat şərtləri dəyişə bilər. Həmin dövrdə dünyada hansı hadisələrin cərəyan edəcəyi, daxili və xarici siyasətin, beynəlxalq şərt və şəraitin də gedişatı şəkilləndiriləcək. Ona görə ki, konstitusiyanın 11-ci maddəsində təkcə Azərbaycana deyil, Türkiyəyə qarşı da torpaq iddiası mövcuddur. Ermənistan konstitusiyaya dəyişikliklər etməsə, Azərbaycan Ermənistana qarşı təzminat məsələsində ciddi addımlar ata bilər. Bunun hüquqi dayaqları ortadadır. Məşhur Louzidi davasına baxsaq, ermənilərin nələrlə qarşı-qarşıya qalacaqları məlum olur.

- Qərbi Azərbaycanda doğulub boya-başa çatmış biri kimi, tezliklə, ən azı, “Tramp yolu” adı verilmiş Zəngəzur yolu vasitəsilə tarixi torpaqlarımıza ayaq basa biləcəyimizə ümid edirsinizmi?

- Qərbi Azərbaycan azərbaycanlıların əzəli-əbədi yurdudur. Nəinki mən, o müqəddəs yurdlarımızda doğulub boya-başa çatan heç kimsə tarixi torpaqlarımıza ayaq basacağı ümidini itirməyib. Əksinə, illər keçdikcə bu ümidlər daha da böyüyür. Göyçə mahalının təhsilində əvəzsiz xidmətləri olan rəhmətlik atam Həbib Səmədov bölgədə ən möhtəşəm 3 tikilidən biri olan doğulub-böyüdüyüm evi bir neçə evə dəyişmədi. Həmçinin həmin evi satıb, bir neçə ev almaq istəmədi. Soruşurduq ki, nəyə görə ən möhtəşəm evi dəyişmədin, satmadın? Sualımız qarşısında həmişə bunu dedi ki, əgər mən evimizi satsam, yaxud dəyişsəm, o müqəddəs yurdları unuda bilərsiniz. Ümidimiz sönməzdir, tarixi, mənəvi, hüquqi gerçəklərə əsaslanır. Əgər Tramp və Avropa ölkələri insan hüquqlarından danışırsa, ilk ağla gələn bu olmalıdır ki, 37 il öz yurduna ayaq basa bilməyən insanların hüquqları bərpa olunmalıdır. Həmin hüquqlar hansı yolla olur-olsun, bərpa ediləcək. Buna şübhəm yoxdur!..

- Rusiyanın Polşaya, Rumıniyaya dron hücumunun ardınca “MİQ-3” qırıcıları Estoniya ərazisinə soxuldu və 12 dəqiqə orada qaldı. Daha sonra Kopenhagen və Osloda naməlum dronlar göründü. Bunlar çox ciddi məsələlərdir. Sizcə, bu minvalla yaxın vaxtlarda Putin Estoniyaya da işğal məqsədilə hücum edə bilərmi?

- Rusiyanın Polşa və Rumıniyaya dron hücumunun səbəbi bəllidir. Avropa ölkələri Ukraynaya dəstək verdiyi üçün Rusiya hegemon siyasətinə və müstəmləkəçilik məqsədlərinə nail ola bilmədi. Rusiya, Ukrayna müharibəsi ilə ta başından dediyim kimi, özünü bataqlığın dərinliklərinə atdığı davranış nədirsə, NATO-nun 5-ci maddəsi çərçivəsində Avropa ilə top yekun qarşıdurma da Rusiyanı və dünyanı da bataqlığa qərq edər. Məhz Rusiya da bunun necə bir fəlakətlə nəticələnəcəyini bildiyi üçün dron hücumunu gerçəkləşdirmədiyini bəyan edir. Ukrayna müharibəsinin başlandığı gündən bu günə proseslərin qarşısının alınmadığının şahidiyik. Bu müharibə dünyanın iqtisadi inkişafına mənfi təsir göstərdiyi kimi, qarşısı alınmasa, həm adı çəkilən ölkələri, eləcə də dünyanı III Dünya müharibəsinədək apara bilər. “MİQ-31” qırıcılarının Estoniya ərazisində dəqiqələrlə qalması da dediyimin sübutudur. Hazırkı dövrdə Estoniyaya işğal məqsədilə hücum edə bilməsə də, hadisələrin necə və hansı şəraitdə cərəyan edəcəyindən asılı olaraq, gedişat dəyişə bilər.
Putinin Estoniyaya hücumu, ABŞ və Aİ-yə müharibə elanı demək olar. Hazırkı vəziyyətdə isə onun belə bir addım atacağını düşünmürəm...

- Siz bir pedaqoq olaraq, həm də bir növ, siyasi iqtisadiyyatla da məşğul olursunuz. Necə düşünürsünüz, ABŞ Avropa İttifaqı ilə birləşəcəyi təqdirdə, Çin, eləcə də bəzi digər “BRİKS” və ŞƏT üzvlərinin gizli-açıq dəstəklərinə rəğmən, Rusiyanı ciddi iqtisadi sanksiyalarla yetərincə çökdürmək və onu Ukraynadakı savaşdan geri çəkilməyə məcbur etmək mümkündürmü?

- ABŞ və Aİ-nın necə birləşə biləcəyi qeyri-müəyyəndir. Birləşmənin Rusiyanı daha da radikallaşdıra biləcəyi məsələsi də ABŞ və Avropa analitiklərini düşündürür. O mənada ki, Rusiyanın ABŞ ilə yaxınlaşması üzərində işləyirlər. Birləşmə olsun, ya olmasın, ABŞ və Aİ-nin elmi və texnoloji potensialı, iqtisadi gücü və inkişafı, beynəlxalq təşkilatlarla işləməsi, NATO kimi bir təşkilata sahib olması Rusiyanın sanksiyalardan uzun vədədə çöküşünə təsirini göstərəcəkdir. “BRİKS” və ŞƏT üzvlərinin gizli-açıq dəstəkləri, Rusiyanın güclənməsi üzərində deyil, Rusiyanın tabe olması, daha zəif və asılı olması üzərində qurulur. Rusiyanı bu müharibədən çəkindirməyin yeganə yolu Rusiyanın daxilində baş verəcəklərdən daha çox asılı ola bilər. Ona görə ki, Rusiya özünü Avropa və Çinin arasında sıxışdırılmış kimi hiss edir, gələcəyinin təhlükədə ölduğu qənaətindədir. Yeganə çıxış yolu Rusiyanın başının özünə qarışmasıdır. Sanksiyalardan daha təsirli olacaq çəkindirmə aləti daxili problemlərin Rusiyaya vuracağı zərbədir...

- Ali məktəb müəllimi kimi, təhsil sahəsinə xeyli bələdsiniz. Əksər təhsil ekspertləri, həmçinin adi vətəndaşlar Azərbaycan təhsilinin ağır, xaotik bir durumda olduğunu düşünür. Siz hansı qənaətdəsiniz?

- Bu sualınız olduqca düşündürücüdür. Mən elə gəncliyimdən daim atamın idarə etdiyi təhsil müəssisəsindəki nizam-intizam, qayda-qanun, şəffaflıq və inkişafın Azərbaycan təhsilində də hakim olmasını istəmişəm...
Azərbaycan təhsil sistemini ağır durumdan çıxarmaq üçün çox təcili tədbirlərə ehtyac var. Əgər bu tədbirlər görülərsə, dövlətimizin və gələcək nəsillərimizin təhsil problemləri də ağır və çətin vəziyyətdən çıxmış olar. Necə ki, hazırkı Azərbaycan Dövlət İqtisad Universiteti bir zamanlar “narxoz-kolxoz” kimi tanınırdı, indi isə UNEC markası ilə dünya səviyyəli və Azərbaycan təhsilinin üzünü ağardan güvənilən və şəffaf universitet kimi dünya reytinqində yer alır, ildən-ilə də irəliləyir. Ölkədə təhsilin vəziyyətini düzəltmək üçün orta məktəblərdən başlamaq lazımdır...
Çox vaxt deyilir ki, insanlar və gənclər zəmanəsinə bənzəyirlər. Əgər orta məktəblərdə təlim-tərbiyə, nizam-intizam, qayda-qanun, mənəvi, müqəddəs dəyərlər aşılanmasa, işimiz daha çətin olacaq. Valideyn və müəllim müqəddəsliyini anlamayan bir gənc ölkəmizin mədəniyyətinə görə sosiallaşmayan bir gənc, heç bir zaman Dövlətimizin mənafeyinə xidmət edə bilməz. Kişi müəllimlərin olmamasının istər qız, istərsə də oğlan psixologiyasına mənfi təsir göstərəcəyinə şübhə edilməməlidir. Müəllimlərin sosial güzəştlərə sahib olmaması isə bu problemləri daha da dərinləşdirir. Sosial ehtiyac və problemlərini düşünən bir müəllim təhsil, elm haqqında fikirləşə bilməz, özünü inkişaf etdirə bilməz...